Способы Создания Устойчивой Логистики
Müasir dünyada qlobal təhlükə yaradan bir çox amillər vardır. Karbon emissiyalarının artması, ətraf-mühitin çirklənməsi, iqlim dəyişikliyi və bir çox başqa problemlər insanları yeni və nəticəyönümlü həll yolu axtarmağa sövq edir. Bu axtarış zamanı ortaya çıxan “dayanıqlılıq” anlayışı müxtəlif sahələrə aid olunduğundan gələcək üçün ümidvericidir. Dayanıqlılıq anlayışı daha çox ətraf mühit və qida sahəsində ön plana çıxsa da, eyni zamanda müxtəlif sektorlarda da özünü göstərir. Dayanıqlı logistika ideyası sənaye tərəfindən ciddi qəbul edilən bir mövzudur. Logistika sektorunda dayanıqlılıq əldə etmək üçün şirkətlər müxtəlif strategiyalara baş vururlar. Bu yazıda “dayanıqlı logistika nədir və hansı strategiyaları var?” kimi suallara cavab verəcəyik
Dayanıqlılıq Nədir?
Bu gün bir çox müəssisələr hələ də dayanıqlılığın sadəcə ekoloji cəhətdən təmiz olduğunu düşünürlər. Buna görə də dayanıqlılığın nə üçün zəruri olduğunu müzakirə etməzdən əvvəl konsepsiyanı düzgün müəyyənləşdirmək lazımdır.
Dayanıqlılıq anlayışı çox dinamik bir anlayışdır. Sadə dillə desək, gələcək nəsilləri nəzərə almaqla, dünyadakı bütün növ resursların ehtiyatla istehlak edilməsi zərurətini özündə əks etdirən sosial yanaşma kimi başa düşülə bilər. Üstəlik, bunu təmin etmək kortəbii bir vəziyyət deyil, birdən çox tərəfin bir araya gələrək dayanıqlılığı təmin etmək səylərindən asılıdır. Bu nöqteyi-nəzərdən bir çox tədqiqatçılar dayanıqlılığı ekoloji, sosial və iqtisadi elementlərin birləşməsi kimi müəyyən ediblər.
Dayanıqlı Logistika Nədir və Nə Üçün Vacibdir?
Sənaye inqilabından sonra bir çox sahələrdə sənaye fəaliyyəti sürətləndi. Biznes və şirkətlərin öz sektorlarında varlığını davam etdirmələri və böyümələri üçün əlavə olaraq onların ekoloji, iqtisadi, sosial və bir çox başqa sahələrdə dəstəyə ehtiyacı var. İstehsal prosesi ilə məşğul olarkən ətraf-mühitə və ya təbii sərvətlərə laqeyd yanaşmaq digər sektor və insanlar üçün narahatlıq doğurur.
Dayanıqlılıq anlayışı bu nöqtədə meydana gəlir və şirkətləri məsuliyyəti öz üzərinə götürməyə məcbur edir. Bu anlayış resursların istehlakını məhdudlaşdırmaqla yanaşı, yeni strategiyaların meydana çıxmasını təmin edir. Bəzən şirkət və bizneslərin işi bir çox müxtəlif sahələri əhatə edir və dayanıqlılıq konsepsiyasının üstün cəhəti bu zaman özünü göstərir ki, o bütün bu sahələrə inteqrasiya oluna bilir. Aydındır ki, bu gün logistik fəaliyyətlərdə artım müşahidə olunur. Bu artım özü ilə bərabər logistika sahəsində dayanıqlılığın qiymətləndirilməsini də gətirir.
Dayanıqlı inkişafın məqsədləri arasında təbii sərvətlərin istehlakının minimuma endirilməsi, o cümlədən sərf olunan resursların yenilənməsinin təmin edilməsi var. Dayanıqlılıq konsepsiyasının daha geniş auditoriya tərəfindən eşidilməsi, qəbul edilməsi və həyata keçirilməsində böyük şirkətlər də mühüm rol oynayır. Bir çox sənaye sahələrində dayanıqlı həllər zərurətə çevrilib. Beləliklə, dayanıqlılığın logistikaya təsiri nədir və logistika sektorunda dayanıqlılıq necə idarə olunur?
Logistika fəaliyyətləri, xüsusilə ətraf-mühit baxımından dayanıqlılığa maneə olaraq görülür. Bunun ən böyük səbəblərindən biri logistikada istifadə olunan avtomobillər və başqa nəqliyyat vasitələri yüksək karbon emissiyalarına səbəb olmasıdır. Nəqliyyat logistika sənayesinin ən vacib elementlərindən biridir. Bundan əlavə, sektorun ayaqda qalması üçün tələb olunan neft və enerji miqdarı ətraf-mühitin dayanıqlılığı baxımından sürətli hərəkət etməyi zəruri edir. Logistika sənayesi dünyada istehlak edilən neftin 60%-dən istifadə edir. Bunların yaratdığı ekoloji problemlərin son dərəcə aydın şəkildə təqdim edilməsi logistika sənayesində dayanıqlılıq üçün müxtəlif strategiyaların hazırlanmasına səbəb olmuşdur. Dayanıqlı logistika nəqliyyat vasitələrinin səbəb olduğu karbon emissiyası, tullantılar və digər buna bənzər qalıqları azaltmağa çalışır.
Dayanıqlı Logistikanın Strategiyaları
Bildiyimiz kimi logistikanın sürətlənməsi ilə birlikdə avtomobil, dəniz, dəmir yolu və hava nəqliyyatı ilə yanaşı, birdən çox nəqliyyat növündən aktiv şəkildə istifadə olunur. Bu proseslər zamanı ətraf-mühitə dəyən ziyanın ödənilməsi üçün müəyyən strategiyalar hazırlanmışdır. Qablaşdırma fəaliyyətlərindən logistika prosesinin idarə edilməsinə qədər olan prosesi ətraf-mühitə ən az təsir edəcək səviyyəyə çatdırmaq dayanıqlı logistika strategiyasının əsasını təşkil edir. Bu strategiya 3 əsas qrupa bölünür.
Yaşıl Logistika
Yaşıl logistika iqtisadi və ekoloji tarazlığı tənzimləyən əsas strategiyadır. “Yaşıl logistika nədir?” sualına belə cavab vermək olar: Resurslardan daha səmərəli istifadə etməyi qarşısına məqsəd qoyan logistika formasıdır. Yaşıl logistika strategiya fəaliyyətləri dedikdə ağla ilkin olaraq ekoloji maarifləndirmə strategiyaları və ətraf-mühitə dəyən zərəri minimuma endirmək gəlir. Bununla yanaşı, yaşıl logistika daha çox karbon qazı emissiyasının azaldılmasına diqqət yetirir. İstifadə olunan xammal mənbələrinin dəyişdirilməsi, əməkdaşlıq və tərəflər arasında şəffaf ünsiyyət də yaşıl logistika strategiyasının fəaliyyətləri sırasına daxildir.
Təkrar Emal Logistikası
Bu konsepsiya dayanıqlı logistikanın mühüm addımlarından biridir. Təkrar emal logistikası ilə istifadəçilərə çatdırılan məhsullar qiymətləndirilir və təkrar emal və ya istifadə üçün yoxlanılır. Təkrar emal logistikasının məqsədi daşınan məhsulların qablaşdırılması nəticəsində yaranan tullantıların azaldılması və ya tamamilə aradan qaldırılmasıdır.
Logistika sektorundakı bütün bu strategiya və hədəflərə əlavə olaraq sistemə inteqrasiya olunacaq yeni nəsil texnologiyalar dayanıqlılıq baxımından faydalı görünür. Bu gün bir çox sektor nümayəndələri rəqəmsal mühitdə var olmağa çalışır, gələcəyin dünyasında özünə yer tutmağa tələsir. Buna görə də logistika sənayesində blokçeyn kimi texnologiyaların istifadəsi dayanıqlılığı dəstəkləyir. Şəffaflıq, asan izləmə, açıq ünsiyyət və etibar təklif edən blokçeyn texnologiyasının logistika sənayesində uzunmüddətli qazanclar gətirəcəyi proqnozlaşdırılır.
Добавить комментарий